Mənim nəyimsən?
Canımmısan, sevgilimmisən, yarımmısan, həyatımmısan, düşmənimmisən, dostummusan, sevincimmisən, ağrımmısan, həkimimmisən, özümmüsən?
Nəyimsən?
Sən kimsən axı?
Sən kimsən?
Canımsan deyəsən…
Çünki sənsiz yaşaya bilmirəm. Alınmır səndən ayrı.Və mən sənsiz yoxam sanki…
Sevgilimsən deyəsən…
Çünki ətrafımdakı hər kəsə səni sevgilim olaraq təqdim edirəm. Hərgah mən hələ onun nə olduğunu bilmirəm. Kimdir sevgili görəsən? Çox sevdiyinmi? Axı mən hər kəsi çox sevirəm. Yox, deməli, sadəcə sənsən sevgili. Sevgilimsən deyəsən…
Yarımsan deyəsən…
Çünki sən olmayanda özümü tənha və bomboş hiss eliyirəm. Yarımçıq oluram sanki. Əlim ayağım tutmur. Özüm olmuram sanki. Sən tən yarımsan çünki…
Həyatımsan deyəsən…
Çünki həyat deyilən şeyi mən səninlə anlamışam. Yaşamaq səninlə gözəl olub mənə. Həyatı səninlə dərk etmişəm.
Düşmənimsən deyəsən…
Ən böyük düşmənim. Çünki səndən ayrılanda içimdə olmazın ağrılar başlayır. Canım ağrayır. Sanki bütün dünya mənə qarğayır. Sanki hər kəs mənim ölməyimi istəyir. Nəfəsim çatmır, boğuluram. Yaralayırsan məni hər ayrılıb getdiyində. Bir sonrakı görüşü gözləyənə qədər canımdan can alırlar sanki. Həyat maraqsız gəlir. Bütün işlərim boş görünür gözümə. Zəhləm gedir özümdən…
Dostumsan deyəsən…
Ən əziz dostum. Çünki öncələr problemlərimi həll etmək üçün dostlarım var idi, hər dərdimi onlara deyirdim. Dostlarım həyatım idi, onlar üçün canımı verərdim. Amma indi… Sanki bir tək sən onların hamısını əvəz etmisən… Sanki bir tək sən varsan… Onları da sevirəm, amma səninlə…Artıq onlar da səninlə dəyərlidir. Artıq onlarda da səni axtarıram. Onlarda da sən varsan. Artıq hər şeyimi ilk öncə səninlə paylaşıram. Onları da… Səni isə onlarla paylaşa bilmirəm.
Sevincimsən deyəsən…
Həm də həyat sevincim. Sən olanda hər şey gözəldir mənə. Sən olanda ən maraqsız da maraqlıdır gözümdə. Sevincimsən mənim. Yaşam sevincim…
Ağrımsan deyəsən…
Acısından başımı divarlara vurduğum ağrım. Bəzən sənsizlik elə acı olur ki, bütün vücudum ağrayır, bilmirəm ki, ağrıdan özümü hara çırpım. Sənsiz ağrayıram… Elə bil doğrayırlar bütün vücudumu, yarırlar bədənimi. Canım ağrayır sənsiz. Ağrımsan mənim. Ağrayıram sənsiz…
Həkimimsən deyəsən…
Çünki ağrılardan qovrulanda bir tək səsini eşitmək yetir mənə. Bir tək aşiq olduğum surətini görmək yetir ağrılarımın keçməsi üçün. Bir tək “Səni sevirəm” deyişin milyonlarla dərmana dəyər. Bir dəfə sarılman, bir dəfə öpmən, bütün yaralarıma məlhəm olur sanki. Həkimimsən mənim. Ən gözəl həkimim…
Özümsən deyəsən…
Çünki sənin canın ağrayanda sanki canımı yarırlar. Sanki parçalanıram. Mən də ağrayıram, doğranıram. Sən ac qalanda nə qədər tox olsam da acından ürəyim gedir, əlim ayağım əsir. Sən tox olanda isə günlərlə yemək yeməsəm sanki indi yemiş kimi tox oluram. Sən əsəbləşəndə yanımda olan hamını incidirəm, hamını dalayıram. Sən sevinəndə hamını qucaqlayıb öpürəm, hamı əzizim olur onda. Çünki sən özümsən… Mənim özüm. Elə mən… Sən səndə sevidiyim mənsən. Özümsən…
Sən həqiqətən kimsən?
Nəyimsən?
Həqiqətən mənimmisən?
Könül Yazar
11.09.2009. 15:21.

